Sizin UNEC

Abituriyentlər üçün platforma

“Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitetə çevrilməlidir”.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
1. HAQQIMIZDA
1.1

Cənubi Qafqazın iqtisadyönümlü ən böyük ali təhsil müəssisəsi

UNEC müasir kampusları, zəngin akademik resursları və innovativ tədris mühiti ilə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsidir. Genişprofilli universitet modelini uğurla tətbiq edən UNEC-də təhsilin bütün səviyyələri mövcuddur və müxtəlif istiqamətlər üzrə peşəkarlar yetişdirilir:

Təhsil səviyyələri:

Bakalavriat, magistratura və doktorantura.

Tədris sahələri:

İqtisadiyyat, texniki-texnoloji, humanitar və sosial elmlər.

1.2

Ölkənin brendləşmiş universiteti

UNEC (University of Economics) sadəcə universitet deyil, qlobal təhsil məkanında ölkəmizi təmsil edən güclü brenddir. Keyfiyyətli təhsilin, innovativ yanaşmanın və beynəlxalq standartların təminatı olan UNEC məzunlarına nüfuz, etibar və tanınma qazandırır.

https://files.azedu.az/photo/orginal/2020/07/25/56385.jpg
1.3

Xaricdə filialı olan yeganə universitet

UNEC xaricdə rəsmi filialı olan yeganə Azərbaycan universitetidir. Filial Dərbənd şəhərində soydaşlarımızın ali təhsil almasına kömək məqsədi ilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə yaradılıb.

Dərbənd filialı Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərir və tələbələrə beynəlxalq standartlara uyğun müasir təhsil imkanları təqdim edir.

Filiala Rusiya Federasiyasının vətəndaşlarının qəbulu Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı (ЕГЭ) əsasında aparılır. Dərbənd filialı UNEC-in beynəlxalq istiqamətdə inkişaf strategiyasının tərkib hissəsidir.

https://unec.edu.az/application/uploads/2015/01/1-DSC_0734.jpg
1.4

Regionda filial

UNEC-in Zaqatala filialı region gənclərinin yüksək standartlara cavab verən keyfiyyətli ali təhsilə çıxışını təmin edir. Filial universitetimizin beynəlxalq səviyyəli təhsil modelinin paytaxtdan kənarda da əlçatan olmasına və ölkə üzrə təhsil imkanlarının genişlənməsinə xidmət edir.

Tələbələrin rahatlığı üçün:
  • Burada 245 tələbə üçün nəzərdə tutulmuş yeni və müasir yataqxana mövcuddur;
  • Gənclərin fiziki sağlamlığını təmin edən geniş idman zalı fəaliyyət göstərir.
1.5

Şəhərin mərkəzində yerləşən kampuslar

UNEC tələbələri Bakının ən prestijli və mərkəzi nöqtələrində yerləşən 4 müasir kampusda təhsil alırlar. Kampuslarımızın şəhərin əsas nəqliyyat qovşaqlarına, kitabxanalara, iş mərkəzlərinə və mədəniyyət ocaqlarına yaxınlığı tələbə həyatını həm asan, həm də dinamik edir.

Siz sadəcə universitetə deyil, şəhərin qaynar həyatının mərkəzinə daxil olursunuz.

1.6

Texniki və texnoloji ixtisaslar üçün ixtisaslaşmış kampus

UNEC-in texniki və texnoloji ixtisaslar üzrə ixtisaslaşmış müasir kampusu tələbələrə rəqəmsal texnologiyalar, mühəndislik və dizayn dünyasına açılan geniş imkanlar təqdim edir.

Ən son texnologiyalar əsasında qurulmuş laboratoriyalar və müasir tədris infrastrukturu tələbələrə yalnız nəzəri biliklər deyil, həm də real praktik təcrübə qazandırır. Burada təhsil, yaradıcılıq və texnologiya eyni məkanda bir araya gələrək gələcəyin mütəxəssislərini formalaşdırır.

1.7

UNEC nəzdində kolleclər

UNEC nəzdində 3 kollec fəaliyyət göstərir: Maliyyə İqtisad Kolleci, Sosial-İqtisadi Kollec, Qida Sənayesi Kolleci.

UNEC nəzdindəki kollecləri ilə ölkənin ən böyük təhsil klasterlərindəndir. Bu sistem daxilində orta ixtisas təhsili ali təhsillə, nəzəriyyə isə praktika ilə sıx inteqrasiya olunur. Klasterləşmə bizə resurslardan ortaq istifadə etmək və tədrisin keyfiyyətini eyni yüksək standartda saxlamaq imkanı verir.

2. TƏHSİL
2.1

Ölkədə 4 dildə təhsil verən yeganə universitet

UNEC-də təhsil Azərbaycan, ingilis, türk və rus dillərində aparılır. Tələbələr istədikləri dili seçməklə həmin dildə bakalavriatura və magistratura təhsili ala bilirlər. Bu yanaşma tələbələrə vaxtlarını daha səmərəli planlaşdırmağa, təhsillə yanaşı elmi, sosial və ictimai fəaliyyətlərdə fəal iştirak etməyə, həmçinin şəxsi və peşəkar inkişaflarına daha çox vaxt ayırmağa imkan verir.

2.2

Bütün ixtisas qrupları üzrə təhsil imkanı

UNEC bakalavriat səviyyəsində bütün ixtisas qrupları üzrə 24 ixtisas təklif edir. Geniş ixtisas seçimi tələbələrə iqtisadiyyat, idarəetmə, informasiya texnologiyaları, mühəndislik, humanitar və sosial elmlər, eləcə də dizayn sahələrində keyfiyyətli təhsil almaq imkanı yaradır.

2.3

UDİD proqramı - 4 il ərzində 2 diplom

UNEC-in Universitet Daxili İki Diplom Proqramı (UDİD) tələbələrə 4 illik bakalavriat təhsili müddətində 2 fərqli ixtisas üzrə 2 UNEC diplomu almaq imkanı yaradır.

UDİD sayəsində tələbələr əsas ixtisasları ilə yanaşı, iqtisadiyyat sahəsində əlavə bilikləri qazanaraq əmək bazarında rəqabət üstünlüyü əldə edirlər. Bu proqram gələcəyə daha hazırlıqlı və daha güclü başlamaq istəyən tələbələr üçün unikal akademik fürsətdir.

2.4

MİNOR proqramı – Fərqli ixtisaslar üzrə əlavə ixtisaslaşma

Minor proqramı tələbələrə əsas ixtisasları ilə yanaşı, maraq göstərdikləri başqa bir sahə üzrə əlavə bilik və bacarıqlar əldə etmək imkanı yaradır. Proqramı uğurla tamamlayan tələbələr həmin sahə üzrə UNEC-in rəsmi sertifikatını qazanırlar.

Minor proqramı tələbələrin multidissiplinar düşüncə tərzini formalaşdırır, onların peşəkar kompetensiyalarını genişləndirir və əmək bazarında rəqabət qabiliyyətini artırır.

2.5

İstiqamət üzrə sertifikat

Təhsil müddətində tələbələr ixtisasları ilə yanaşı, karyera hədəflərinə uyğun istiqamətlər üzrə seçim edə bilirlər. Tədris planlarında qeyd olunan seçmə fənləri dinləyərək əlavə bilik və bacarıqlar qazanırlar.

Müvafiq istiqamət üzrə tələb olunan fənləri uğurla tamamlayan tələbələr məzun olduqda həmin sahə üzrə sertifikatla təmin olunurlar.

2.6

Həftədə 4 dəfə dərs

UNEC-də tədris prosesi tələbəyönümlü və çevik model əsasında təşkil olunub. Dərslər həftədə 4 gün olmaqla səhər və günorta növbələrində keçirilir. İxtisas fənləri ənənəvi formada auditoriyalarda tədris olunur, qeyri-ixtisas fənləri isə onlayn formatda təşkil edilir.

2.7

Qeyri-akademik transkript

UNEC-də təhsil yalnız akademik biliklərlə məhdudlaşmır. Tədris proqramları tələbələrin liderlik, komanda işi, effektiv ünsiyyət, tənqidi düşüncə və zamanın idarə olunması kimi yumşaq bacarıqlarının inkişafına yönəlib.

Universitet bu bacarıqları Qeyri-akademik Transkriptdə rəsmiləşdirir. Tələbələrə məzun olduqda təqdim edilən bu sənəd işəgötürənlər üçün məzunların potensialını, liderlik keyfiyyətlərini, sosial aktivliyini və universitet həyatı boyunca qazandıqları əlavə bacarıqları əks etdirən mühüm göstəricidir.

2.8

Xüsusi Təqaüd imkanı

Abituriyentlər və olimpiada qalibləri üçün Xüsusi Təqaüd

DİM tərəfindən keçirilən qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan hər bir abituriyent, eləcə də olimpiada qalibləri UNEC-ə qəbul olduqları ilk semestrdə aylıq 100 AZN məbləğində xüsusi təqaüd alırlar.

TOP 15 təqaüdü

Hər kurs üzrə ən yüksək akademik göstərici (ÜOMG) əldə edən 15 tələbəyə universitetin daxili vəsaiti hesabına əlavə Əlaçı təqaüdü (200 manat) verilir.

2.9

Tələbələr üçün staj imkanı

UNEC tələbələrinin peşəkar inkişafına xüsusi önəm verir. Universitetin 2-ci və 3-cü kurs tələbələri istehsalat təcrübəsi ilə yanaşı, müxtəlif müəssisə və təşkilatlarda staj keçmək imkanı əldə edirlər.

Staj proqramları tələbələrə nəzəri biliklərini real iş mühitində tətbiq etməyə və praktiki təcrübə qazanmağa şərait yaradır.

2.10

Dizayn ixtisasına qəbul zamanı qabiliyyət imtahanı tələb olunmur

UNEC Dizayn Məktəbinə qəbul DİM tərəfindən keçirilən 11-ci siniflərin buraxılış imtahanlarının nəticələri əsasında aparılır və əlavə qabiliyyət imtahanı tələb olunmur.

Tədris prosesi PBL (Project-Based Learning – layihə əsaslı öyrənmə) metodologiyası üzərində qurulub. Təhsil müddətində tələbələr peşəkar portfoliolarını formalaşdırır və müasir dizayn alətlərini mənimsəyirlər.

2.11

İngilis dilinin 2 il ərzində 4 bacarıq üzərindən tədrisi

UNEC-də ingilis dili tədrisi beynəlxalq standartlar və müasir metodologiyalar əsasında təşkil olunur. Təhsil prosesi Oxuma, Yazma, Dinləmə və Danışıq bacarıqlarının inkişafına yönəlib. Xarici dil 2 il ərzində tədris edilir.

2-ci kursun sonunda tələbələr üçün British Council tərəfindən Aptis imtahanları keçirilir. İmtahanı uğurla verən tələbələr rəsmi APTİS sertifikatı əldə edirlər.

2.12

Magistratura proqramları

MBA proqramı

UNEC Biznes Məktəbi ölkədə MBA proqramı üzrə ən çox seçilən fakültələrdən biridir. Burada əmək bazarının tələblərinə uyğun olaraq 17 ixtisaslaşma üzrə təhsil imkanı mövcuddur. Proqram beynəlxalq akademik keyfiyyət göstəricilərinə əsaslanaraq hazırlanmış və qlobal reytinqlərdə yer alan nüfuzlu MBA proqramları sırasına daxil edilmişdir. UNEC MBA proqramının əsas üstünlükləri:

  • QS MBA Rankings 2026 üzrə ölkədə lider mövqe
  • CFA Institute tərəfdaşlığı
  • ACCA akkreditasiyalı proqram
MS proqramı

UNEC-də Magistratura Məktəbində MS proqramı üzrə 17 ixtisas və 55 ixtisaslaşma istiqamətində magistratura təhsili həyata keçirilir. Magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşma – İqtisadiyyat (İqtisadi nəzəriyyə, İqtisadi siyasət, Qiymətqoyma, Ekonometrika, Turizmin iqtisadiyyatı), Maliyyə (Bankçılıq, Vergitutma, Maliyyə nəzarəti, Maliyyə bazarları), Biznesin idarə edilməsi (Biznesin təşkili və idarəedilməsi) – FIBAA-nın (Almaniya) beynəlxalq akkreditasiyasını qazanıb.

2.13

İnklüziv Təhsil: Ali təhsil hər kəs üçün əlçatandır!

UNEC fərqlilikləri dəyərə çevirən universitetdir. Fiziki məhdudiyyətindən asılı olmayaraq hər bir tələbənin bərabər təhsil alması üçün inklüziv mühit formalaşdırılıb.

İnklüziv Təhsil Mərkəzi həssas kateqoriyadan olan tələbələrin universitet həyatına rahat adaptasiyasını təmin edir.

2.14

İngilis dilində təhsil proqramları

Bakalavriatura səviyyəsində Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) və Rəqəmsal İqtisadiyyat fakültəsində tələbələr ingilis dilində iqtisadi və texnoloji biliklərə yiyələnirlər.

Magistratura səviyyəsində isə MS və MBA proqramları üzrə ingilis dilində təhsil həyata keçirilir və tələbələr qlobal biznes mühitinə hazırlanır.

2.15

Türk dilində təhsil

Türk Dünyası İqtisad Fakültəsi regionda Türkiyə türkcəsində təhsil verən yeganə fakültədir. TUDİFAK-ın Türkiyə Respublikasında ekvivalentliyi vardır və bu, Türkiyədə təhsilini davam etdirmək istəyən tələbələr üçün həm mübadilə proqramları, həm də akademik karyera baxımından geniş imkanlar yaradır. TUDİFAK tələbələrinə 4 illik bakalavr təhsillərinin sonunda diplomla birlikdə Türkiyə türkcəsində “Məzuniyyət Belgesi” də verilir. Türk dilində MS üzrə də təhsil aparılır.

2.16

Rus dilində təhsil proqramı

Bakalavriat səviyyəsində iqtisadiyyat və idarəetmə profilli ixtisaslar Rus İqtisad Məktəbində (RİM) aparılır. Bununla yanaşı, IT, mühəndislik və dizayn üzrə də rus dilində təhsil imkanı yaradılır. UNEC-də bakalvriatura ilə yanaşı, magistratura proqramları üzrə rus dilində təhsil mövcuddur.

2.17

Təkrar ali təhsilə imtahansız və müsabiqəsiz qəbul

UNEC təkrar ali təhsil sahəsində mütəxəssislərə ikinci ixtisasa sahib olmaq üçün geniş imkanlar təklif edir. İqtisadiyyat, idarəetmə, mühəndislik və dizayn kimi 20-dən çox aktual ixtisas mövcuddur.

Qəbul imtahansız və müsabiqəsiz aparılır. Dərslər əyani və qiyabi formada olur.

2.18

Tövsiyə və dəvət məktublarının operativ verilməsi

UNEC tələbə və məzunların akademik göstəricilərini əks etdirən tövsiyə (recommendation letter) və dəvət məktublarının hazırlanması prosesini maksimum operativ şəkildə təşkil edir.

Bu yanaşma tələbələrin peşəkar inkişaf yolundakı inzibati maneələri minimuma endirir.

2.19

Xarici dil fənlərindən azad olunmaq imkanı

UNEC-də ingilis dili fənni 2 il müddətində tədris olunur. Tələbələr beynəlxalq səviyyədə tanınan IELTS (minimum 7 bal) sertifikatını təqdim etdikdə xarici dil fənlərini dinləmək və imtahan vermək öhdəliyindən azad edilirlər.

Tələbələrin biliyi avtomatik olaraq 100 balla qiymətləndirilir.

2.20

UNEC-də ACCA fənlərindən azadolma imkanı!

UNEC tələbələri ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) proqramının “Knowledge (F1–F3)” və “Skills (F4–F9)” səviyyələri üzrə əldə etdikləri sertifikatlar əsasında universitetdə tədris olunan uyğun fənlərdən azad oluna bilirlər.

ACCA tərəfindən təqdim olunan sertifikatlar əsasında tələbələr həmin fənlərin:

  • dərslərində iştirakdan,
  • ara qiymətləndirmələrdən,
  • sessiya imtahanlarından azad edilirlər.

Beynəlxalq sertifikatlarınız UNEC-də akademik üstünlüyə çevrilir.

2.21

SABAH qrupları üzrə təhsil imkanı

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2024-cü il tarixli Sərəncamına və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tələblərə uyğun olaraq, 2025/2026-cı tədris ilində UNEC-də SABAH proqramı üzrə akademik qruplar formalaşdırılıb.

SABAH qrupları tələbələrə innovativ tədris mühiti, gücləndirilmiş akademik proqramlar və müasir bilik-bacarıqlar qazandırmaq məqsədi daşıyır.

Bakalavriatura səviyyəsi üzrə SABAH ixtisasları:
  • Maliyyə (AZ/EN)
  • İqtisadiyyat (AZ/EN)
  • İnformasiya texnologiyaları (AZ/EN)
  • İnformasiya təhlükəsizliyi (AZ/EN)
  • Kompüter elmləri (AZ)
  • Kompüter mühəndisliyi (EN)
  • Qida mühəndisliyi (AZ)
Magistratura səviyyəsi üzrə SABAH ixtisasları:
  • Maliyyə (AZ/EN)
  • İnformasiya təhlükəsizliyi (AZ)
  • İnformasiya texnologiyaları (AZ)
3. RƏQƏMSAL UNEC
3.1

Bir Pəncərə Xidməti

Tələbələrin müxtəlif təhsil sənədlərini operativ əldə etməsi üçün “Bir Pəncərə” Xidməti fəaliyyət göstərir. Arayışlar (akademik transkript, təhsil arayışı və s.) 7/24 rejimində sifariş oluna bilər.

Hazırlanan sənədlər QR kod ilə təsdiqlənərək PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir. Arayışlar həm azərbaycan, həm də ingilis dilində təqdim olunur.

3.2

Tələbə kabineti

UNEC-də tədris prosesi tamamilə rəqəmsallaşdırılıb. Tələbələr təhsil müddəti ərzində seminar və imtahan ballarını, eləcə də dərslərə davamiyyət göstəricilərini Tələbə Kabineti vasitəsilə asanlıqla izləyə bilirlər. Eyni zamanda dərs cədvəlləri, müəllimlərin mühazirə materialları, fənn sillabusları və zəruri elan və məlumatlar da şəxsi kabinet üzərindən operativ şəkildə təqdim olunur.

Cədvəllər, mühazirə materialları, fənn sillabusları və elanlar şəxsi kabinet üzərindən operativ təqdim olunur.

3.3

Distant Təhsil Mərkəzi

Azərbaycan ali təhsil məkanında ilk dəfə məhz UNEC-də yaradılan Distant Təhsil Mərkəzi ən müasir texnoloji infrastruktur üzərində qurulub.

Mərkəz tələbələrə zaman və məkan məhdudiyyəti olmadan dünyanın istənilən nöqtəsindən yüksək keyfiyyətli təhsil almaq imkanı yaradır.

3.4

200-dən çox Hibrid auditoriya

Müasir avadanlıqlarla təchiz olunmuş 200-dən çox hibrid auditoriya tələbələrə dərslərdə həm fiziki (oflayn), həm də onlayn formatda iştirak etmək imkanı yaradır.

Ağıllı lövhələr və videokamera sistemləri sayəsində tələbələr dünyanın istənilən nöqtəsindən mühazirələrə qoşulub interaktiv müzakirələr apara bilirlər.

3.5

Qəbul zamanı elektron qeydiyyat

UNEC-də tələbə kimi qeydiyyatdan keçmək asan və sürətlidir. Bütün qəbul və qeydiyyat prosesini universitetə gəlmədən, onlayn şəkildə tamamlaya bilərsiniz.

Sənədlərin yüklənməsi və ödənişlər rəqəmsal platformamız olan kabinet.unec.edu.az və portal.edu.az üzərindən idarə olunur.

4. TƏLƏBƏLƏRDƏ İNNOVASİYA VƏ STARTAP BACARIQLARININ FORMALAŞDIRILMASI
4.1

UNEC İnnovativ Biznes İnkubator

UNEC İnkubasiya Mərkəzi gənclərin sahibkarlıq potensialını reallaşdırmaq məqsədilə yaradılıb. Beynəlxalq Qlobal İnnovasiya İnstitutunun (GInI) akkreditasiyasına sahibdir. Startapçılar BootSTART və İnkubator+ proqramları çərçivəsində fəaliyyətlərini genişləndirmək şansı qazanırlar.

Təqdim olunan imkanlar:
  • Təcrübəli mentor və ekspertlərin strateji rəhbərliyi
  • Müasir avadanlıqlarla təchiz olunmuş co-working iş məkanı
  • Potensial investorlara çıxış və ilkin investisiya dəstəyi
  • Layihələrin qlobal bazarlara inteqrasiyası və beynəlxalq tərəfdaşlıqlar
4.2

Tələbə startaplarına maliyyə dəstəyi

UNEC gənclərin innovativ ideyalarını biznes layihələrinə çevirmək üçün daxili vəsaiti hesabına maliyyə dəstəyi göstərir.

Bu investisiya dəstəyi startapların ilkin (seed) mərhələdən formalaşmasına, prototiplərin hazırlanmasına təkan verir. Startapçılar həmçinin mentorluq dəstəyi ilə təmin olunurlar.

5. SOSİAL HƏYAT
5.1

Tələbə Təşkilatları

Tələbələrin dərsdənkənar vaxtlarını səmərəli keçirməsi, liderlik bacarıqlarının inkişafı məqsədilə Tələbə rektor da daxil olmaqla, 24 tələbə təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar gənclərə öz potensialını reallaşdırmaq və universitet illərini yaddaqalan etmək fürsəti verir.

  • Tələbə-rektor
  • Tələbə Elmi Cəmiyyəti
  • Tələbə Gənclər Təşkilatı
  • Tələbə Həmkarlar İttifaqı Komitəsi
  • “İqtisadçı Tələbələrə Dəstək“ İB
  • “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İB
  • İqtisadçı Vətənpərvərlər Təşkilatı
  • “UNEC könüllüləri” Təşkilatı
  • “Rəqəmsal Könüllülər” Təşkilatı
  • UNEC İnnovativ Gənclər Təşkilaı
  • UNEC Future Club
  • Cross Cultural Club
  • UNEC Diplomatiya Təşkilatı
  • UNEC Türk Dünyası Gənclər Təşkilatı
  • UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı
  • UNEC Karyera və inkişaf təşkilatı
  • UNEC Mədəni İrsin Təbliği təşkilatı
  • “EcoUNEC” təşkilatı
  • “UNEC Sinema” təşkilatı
  • “Gənc Dizaynerlər” təşkilatı
  • “UNEC Kitabsevərlər” Klubu
  • UNEC İdman
  • Dil və Natiqlik
  • Gənc Maliyyəçilər
5.2

Yaradıcılıq mərkəzi və dərnəklər

UNEC-in Yaradıcılıq Mərkəzində tələbələrin istedadlarının inkişafı üçün geniş imkanlar yaradılıb.

Mərkəzdə Rəqs, Bədii qiraət, Vokal, Rəssamlıq, İnstrumental ifaçılıq dərnəkləri, eləcə də Tələbə Teatrı fəaliyyət göstərir. Bu yaradıcı mühit tələbələrin özlərini ifadə etmələrinə şərait yaradır.

5.3

Müasir idman zalları və idman klubları

Universitet kampuslarında müasir idman zalları, güləş zalı və fitnes mərkəzləri ən son avadanlıqlarla təchiz olunub.

Futbol, Voleybol, Basketbol və Tennis klubları fəaliyyət göstərir. UNEC tələbələri respublika və beynəlxalq çempionatlarda universiteti uğurla təmsil edirlər.

5.4

Radio UNEC

Radio UNEC tələbələrin öz fikirlərini sərbəst şəkildə ifadə etdikləri, maraqlı verlişlər hazırladıqları və media sahəsində ilk peşəkar təcrübələrini qazandıqları yaradıcı məkandır.

Radio vasitəsilə gənclər jurnalistika və media kommunikasiya bacarıqlarını inkişaf etdirirlər.

5.5

Psixoloji Xidmət Mərkəzi

UNEC-də fəaliyyət göstərən Psixoloji Xidmət Mərkəzi tələbə və əməkdaşlara peşəkar, məxfi və ödənişsiz psixoloji dəstək göstərir.

Mərkəz tələbələrin qarşılaşdıqları çətinliklərin həllinə, stressin idarə olunmasına və şəxsi inkişaflarının dəstəklənməsinə kömək edir.

6. BEYNƏLXALQ PROQRAM, AKKREDİTASİYA VƏ REYTİNQLƏR
6.1

İkili diplom proqramları

UNEC tələbələrinə dünyanın nüfuzlu universitetlərinin diplomuna sahib olmaq imkanı yaradır. ABŞ, Fransa, Türkiyə, Rusiya, Özbəkistan, Latviya, Qırğızıstan, Çin və Yunanıstanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramları mövcuddur.

İkili diplom proqramları tələbələrə beynəlxalq təhsil mühitində təcrübə qazanmaq, fərqli akademik yanaşmaları, eləcə də mədəniyyətləri mənimsəmək imkanı yaradır

6.2

Qərbi Makedoniya Universiteti ilə birgə diplom

UNEC Yunanıstanın nüfuzlu Qərbi Makedoniya Universiteti ilə birgə diplom proqramı reallaşdırır.

Məzunlar hər iki universitetin ortaq möhürü ilə təsdiqlənmiş vahid diplom əldə edərək, həm Azərbaycan, həm də Avropa İttifaqı məkanında rəsmi tanınan magistr dərəcəsi qazanırlar.

6.3

Mübadilə proqramları

Beynəlxalq mübadilə proqramları sayəsində UNEC tələbələri İsveçrə, Fransa, İspaniya, Portuqaliya, Latviya, Türkiyə və digər ölkələrin nüfuzlu universitetlərində bir semestr müddətində təhsil almaq şansı əldə edirlər.

6.4

Akkreditasiyalar

FIBAA

UNEC-in magistratura səviyyəsi üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması Almaniyanın nüfuzlu FIBAA agentliyi tərəfindən akkreditasiya olunub.

ACCA

UNEC-in müvafiq ixtisasları ACCA akkreditasiyasından keçib, fundamental imtahanlardan (F1-F9) azad olunma imkanı verir.

CFA

UNEC-in təhsil proqramları CFA standartlarına uyğunlaşdırılıb.

6.5

Rəsmi IELTS və ACCA imtahan mərkəzləri

IELTS imtahan mərkəzi

British Council ilə strateji əməkdaşlıq nəticəsində universitetimiz rəsmi IELTS qeydiyyat və imtahan mərkəzi statusunu qazanıb.

ACCA imtahan mərkəzi

UNEC yalnız ACCA akkreditasiyalı proqramlar təqdim etməklə kifayətlənmir, həm də qlobal miqyasda tanınan ACCA imtahanlarının keçirildiyi rəsmi imtahan mərkəzi kimi fəaliyyət göstərir.

6.6

Reytinqlər

  • THE (Times Higher Education): Cənubi Qafqazda və Azərbaycanda - 1, Türk Dövlətləri arasında 14-cü
  • QS (Quacquarelli Symonds): Dayanıqlılıq üzrə Azərbaycanda – 1
  • “QS Avropa 2026”: Cənubi Qafqaz və Azərbaycanda – 1
  • QS MBA Rankings 2026: Azərbaycanda - 1
  • QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026: Cənubi Qafqazda və Azərbaycanda – 1
  • SCimago Institutions Rankings: Azərbaycanda - 1
  • Webometrics: Azərbaycanda – 1
7. TƏLƏBƏLƏRİN TƏDQİQAT BACARIQLARININ FORMALAŞDIRILMASI
7.1

Kitabxanalar

UNEC-in bütün kampuslarında geniş, 4 dildə kitablarla zəngin oxu zalları və kitabxanalar fəaliyyət göstərir. 24/7 rejimində fəaliyyət göstərən kitabxanamız isə tələbələrə fasiləsiz xidmət göstərir.

7.2

24/7 kitabxana

Əsas tədris binasında yerləşən və 24/7 rejimində fəaliyyət göstərən müasir kitabxana tələbələrə günün istənilən saatında rahat və əlçatan təhsil mühiti təqdim edir.

Xüsusilə imtahan sessiyası dövründə tələbələr kitabxanadan istifadə edərək imtahanlara hazırlaşır, fərdi və qrup şəklində çalışır, elmi araşdırmalar aparırlar.

7.3

Zəngin elektron kitabxana

UNEC tələbələri dünyanın ən nüfuzlu elmi informasiya bazalarına çıxış imkanına malikdirlər. Universitet icması 5 milyona yaxın elektron resursdan – kitablar, elmi məqalələr, jurnallar, tədqiqat işləri və hesabatlardan sərbəst şəkildə istifadə edə bilir.

Oxford, Pearson və McGraw-Hill kimi aparıcı nəşriyyatların akademik materialları, eləcə də EBSCO, JSTOR və Web of Science kimi beynəlxalq elmi bazalar UNEC istifadəçilərinin xidmətindədir.

7.4

Laboratoriyalar

UNEC-də regionda ilk və tək Bloomberg laboratoriyası, Əziz Sancar adına Qida Təhlükəsizliyi laboratoriyası, Maliyyə laboratoriyası və s. kimi iqtisadiyyat, maliyyə, informasiya texnologiyaları və mühəndislik sahələrini əhatə edən müxtəlif profilli 27 müasir laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalar tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinə imkan yaradır.

7.5

Bloomberg laboratoriyası – Regionda yeganə laboratoriya

UNEC-də yaradılmış Bloomberg Laboratoriyası Cənubi Qafqazda ilk və yeganə rəsmi laboratoriyadır.

Laboratoriyada quraşdırılmış 12 Bloomberg terminalı vasitəsilə tələbəl real vaxt rejimində qlobal maliyyə bazarlarını və iqtisadi prosesləri izləmək imkanı qazanırlar. Eyni zamanda, onlar beynəlxalq səviyyədə tanınan BMC (Bloomberg Market Concepts) sertifikatını ödənişsiz əldə edirlər.

7.6

50-yə yaxın Tədqiqat Mərkəzi

UNEC-də fəaliyyət göstərən 50-yə yaxın tədqiqat mərkəzində müxtəlif istiqamətlər üzrə multidissiplinar tədqiqatlar aparılır və innovativ elmi nəticələr əldə olunur.

Aparılan araşdırmalar həm akademik mühitin inkişafına, həm də real sektorla əməkdaşlığın genişlənməsinə xidmət edir.

7.7

Tələbəyə elmi məqaləyə görə 5000 manatadək qonorar

UNEC tələbələrin elmi fəaliyyətini təşviq edən stimullaşdırıcı mexanizmlər tətbiq edir. Universitetdə beynəlxalq indekslənən nüfuzlu elmi bazalarda dərc olunan tələbə məqalələri xüsusi pul mükafatları ilə qiymətləndirilir.

Müəllimlərlə yanaşı, tələbələrimizə də 5000 manatadək qonorar almaq imkanı yaradılıb. İndiyədək onlarla tələbəmiz bu imkandan yararlanıb.

7.8

Tələbə Tədqiqatları Jurnalı

Tələbə Elmi Cəmiyyəti tərəfindən təsis olunan jurnal tələbələrin elmi potensialını üzə çıxarmaq, onların tədqiqat və nəşr fəaliyyətini dəstəkləməklə akademik yaradıcılığı stimullaşdırır.

Jurnal ildə iki dəfə azərbaycan, türk, ingilis və rus dillərində məqalələr qəbul edərək nəşr olunur.

8. XARİCİ TƏLƏBƏLƏRLƏ BİRGƏ TƏHSİL
8.1

Multikultural və beynəlxalq tələbə mühiti

UNEC Azərbaycanın multikultural ənənələrini akademik mühitdə yaşadan qlobal təhsil məkanıdır. Hazırda universitetimizdə ABŞ-dan Çinə, Türkiyədən İndoneziyaya qədər 30-dan çox ölkədən 1000-dən çox əcnəbi tələbə təhsil alır.

UNEC-də təhsil almaq təkcə ixtisas sahibi olmaq deyil, həm də dünyanı Azərbaycanda kəşf etməkdir.

9. MƏŞĞULLUQ
9.1

Məzunların yüksək məşğulluq faizi

UNEC-də təhsil yalnız akademik biliklərin əldə edilməsi ilə məhdudlaşmır, eyni zamanda tələbələrin əmək bazarına birbaşa çıxışını təmin edən güclü bir platformadır. Universitet Azərbaycanda məzunların məşğulluq səviyyəsinə görə ən yüksək göstəricilərə malik ali təhsil müəssisələrindən biridir.

QS World University Rankings 2026 nəticələrinə əsasən, UNEC İşəgötürənlərin Reputasiyası göstəricisi üzrə Avropada ilk yüzlükdə yer alır. Məzunların Məşğulluğu indikatoru üzrə isə Avropanın orta göstəricisini üç dəfə üstələyir.

9.2

UNEC Job məşğulluq platforması

UNEC tələbə və məzunları üçün iş tapmaq prosesi daha asan, sürətli və əlçatan şəkildə təşkil olunub. Azərbaycanın ali təhsil müəssisələri arasında unikal rəqəmsal təşəbbüs olan unecjob.az platforması işəgötürənlərlə tələbə və məzunları birbaşa rəqəmsal mühitdə birləşdirir.

Tələbə və məzunlar öz profillərini yaradaraq CV-lərini yerləşdirə, ölkənin nüfuzlu şirkətlərindən gələn vakansiyaları izləyə bilirlər. İşəgötürənlər isə onlara uyğun namizədləri asanlıqla müəyyən edib müsahibəyə dəvət edə bilirlər.

9.3

UNEC Məzunlar Assosiasiyası

UNEC Məzunlar Assosiasiyası dünyanın müxtəlif ölkələrində və ölkəmizdə çalışan minlərlə məzunumuzu bir araya gətirən, onları vahid şəbəkədə birləşdirən və universitetlə əlaqələri daim güclü saxlayan mühüm platformadır.

10. UNEC-100 VİZYONU, DƏYƏRLƏRİMİZ
10.1

Dəyərlərimiz

UNEC-də formalaşan dəyərlər sistemi təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, sağlam akademik mühitin qorunmasına xidmət edir. Bu dəyərlər UNEC-in əsas missiyasını müəyyənləşdirir:

  • Akademik etika: UNEC bütün fəaliyyətində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır.
  • Akademik azadlıq: UNEC üzvləri tədqiqat, tədris və sosial xidmət fəaliyyətində elmi prinsiplərə sadiqdirlər.
  • Layiqlilik: Akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir.
  • Şəffaflıq: Fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinə açıq şəkildə həyata keçirir.
  • Mükəmməllik: UNEC üzvləri bütün fəaliyyətində daim mükəmməl olanı əldə etməyə çalışır.
  • Keyfiyyətlilik: Bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır.
  • İştirakçılıq: Səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir.
  • Fərqliliklərə hörmət: Bütün maraqlı tərəflərinin fərqli fikirlərinə hörmətlə yanaşır.
  • Cəmiyyət mənafeyini düşünmək: İlk növbədə cəmiyyət mənafeyini düşünərək fəaliyyət göstərir.
  • Ekologiyaya həssaslıq: Dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunmasına səy göstərir.
10.2

Vizyonumuz

2030-cu ilə qədər dünyanın TOP 500 universiteti sırasına daxil olmaq!

https://files.azedu.az/photo/orginal/2020/07/25/56385.jpg